Həyatın ritmi: Tiroid vəziləri

"Səmərəlilik" müasir fabriklərdə və sənaye mexanizmlərində gündəmdə tutulan ən vacib məsələlərdəndir. Fabrikin hər bir hissəsi yüksək sürətlə işləməlidir. Amma cihazların ayrı-ayrılıqda yüksək sürətlə çalışmaları kifayət etmir. Hər birinin fəaliyyəti digərininki ilə uyğunluq təşkil etməlidir. Bir cihazın digərlərinə nisbətən daha sürətli işləməsi ilk baxışdan daha əlverişli kimi görünə bilər, ancaq ümumi planlaşdırma haqqında düşünsək, bu vəziyyətin faydadan çox zərər gətirəcəyini görərik. Buna görə də fabriklərdə yaxşı plan və yüksək səmərəliliyi təmin etmək üçün sənaye mühəndisləri, nəzarətçilər və çoxlu mütəxəssislər çalışır.

İndi isə gəlin yenidən böyük bir fabrik düşünək:

Bu fabrikdə milyonlarla fərqli məhsul istehsal olunsun. 24 saat dayanmadan fabrik işləsin və bu fabrikdə təsəvvür edə bilməyəcəyimiz sayda çoxlu işçi olsun: 100 trilyon işçi.

Şübhəsiz ki, bu cür bir fabrikin istehsalat planını hazırlamaq, hansı işçi qrupunun hansı sürətlə ən səmərəli şəkildə çalışacağını hesablamaq üçün mühəndislər və nəzarətçilərdən ibarət böyük bir ordu lazım olacaq.

Belə bir fabrik ilk anda bizə xəyal kimi gələ bilər. Halbuki gerçək həyatda bu cür bir fabrik var. Amma bu fabrikdə nəzarətçilər və mühəndislər xidmət göstərmir. Fabrikin işçiləri kiçik bir orqanımızdan və hormonlardan ibarətdir.

Haqqında danışdığımız fabrik insan bədənidir. Bu fabrikin səmərəliliyinə tiroid vəzi nəzarət edir. Tiroid vəzi ifraz etdiyi tiroksin hormonunun köməyi ilə 100 trilyon hüceyrənin işləmə ritmini tək-tək nizamlayır və sürətlərini qaydaya salır. Hüceyrələrin qidaları enerjiyə çevirmə tezliyini müəyyənləşdirir. Məsələn, gənclərin, xüsusilə, böyümə dövründəki insanların çoxunda maddələr mübadiləsi olduqca sürətli gedir və yedikləri qidalar da sürətlə enerjiyə çevrilir. Başqa sözlə desək, yediklərini tez həzm edir və buna görə də kökəlmirlər.

Yaş ötdükcə insanın iştahasında dəyişiklik olmur.Amma eyni miqdarda qida qəbul etməsinə baxmayaraq, gənc yaşlarına nisbətən daha tez kökəlir. Bunun səbəbi gənclik dövründə bədən hüceyrələrinin qidalardan daha yüksək səmərəliliklə enerji əldə etməyidir. Yaşlılıq dövründə isə hüceyrələrin qida parçalamaq prosesində səmərəliliyi azalır və parçalana bilməyən qidalar yağ olaraq bədəndə toplanır.

Hüceyrələr üzərindəki ciddi nəzarət

Mövzunun əvvəlində verdiyimiz fabrik nümunəsini yenidən düşünək. Əgər bir fabrik sahibi olsaydınız, sizin üçün çalışan işçilərin ən səmərəli şəkildə çalışmalarını və bunu edərkən öz həyat təhlükəsizliklərini təmin etməyə çalışardınız. Fabrikinizdə çalışan işçilərin bəziləri səbəbləri olmadığı halda yavaş çalışsaydılar, bu, fabrikin səmərəliliyi baxımından heç də yaxşı olmazdı. Əgər işçilərə hansı işi hansı sürətlə etmələrini deməyən bir nəzarətçi olmasa, bir müddət sonra fabrikin istehsalında bəzi problemlər yaranacaqdı.

Eyni şey bədəninizə də aiddir. Əgər hüceyrələrinizə hansı sürətlə çalışmalarını söyləyən bir nəzarətçi olmasa, nəticə bədəniniz üçün heç də yaxşı olmayacaq. Belə halda hüceyrələrin fəaliyyəti yavaşlayacaq, yediyiniz qidalar yağa çevriləcək, qolunuzu belə qaldırmağa halınız olmayacaq və bütün bədəniniz çökəcək. Bu vəziyyət beyninizin fəaliyyətini yavaşladacaq və bir müddət sonra başqa narahatçılıqlara gətirib çıxaracaq. Belə ki, tiroksin hormonu az ifraz edilərsə, “miksodem” adlı bir xəstəlik yaranar və əlamətlərini də müəyyən müddət ərzində bildirər.

Amma siz şüurunda belə olmadan tiroid vəziniz sizin üçün çalışır və tiroksin hormonunu ifraz edir. Bu hormon 100 trilyon hüceyrənizin hər birini tək-tək tapır və tənbəllik etmələrinə imkan vermir. Beləliklə, siz də gündəlik həyatınızı normal şərtlər altında davam etdirirsiniz.

Tiroksin hormonunun vücuda təsirləri

Tiroksin hormonu təkcə hüceyrələrimizin tənbəllik etmələrinin qarşısını almır, eyni zamanda həddindən artıq çox çalışmalarına da mane olur. Əgər bədən hüceyrələri etməli olduqlarından artıq çalışsalar, nə baş verər?

Tiroksin hormonunun həddindən artıq ifraz oldunduğu "zəhərli zob" xəstəliyində buna rast gəlmək olar. Bu zaman vücuddakı orqanların çalışma sürəti artır, hərarət və qan təzyiqi yüksəlir, çəki itirilir, tərləmə artır və insanda əsəb halları çoxalır. İnsanın göz bəbəyində böyümə olur. Bu vəziyyət sonralar korluq və hətta ürək çatışmazlığından ölümə belə gətirib çıxara bilər.

Bəs bu hormonu əmələ gətirən tiroid vəzisi vücudumuzdakı hüceyrələrin hansı sürətlə işləməli olduğunu necə bilir?

İnsanın özü belə vücud hüceyrələrinin hansı sürətlə çalışmalı olduğunu bilmir. Hətta insanların çoxu vücud hüceyrələrinin iş sürəti olduğundan belə xəbərsizdir. Əgər insan öz hüceyrələrinin iş sürətinə müdaxilə etmək istəsə, öz iradəsi ilə hüceyrələrinə qətiyyən mane ola bilməz. Bunun üçün ya tibbi yardım olmalı, ya da hərhansı dərmandan istifadə etməlidir. Çünki hüceyrələrin çalışma sürəti insanın özünün deyil, kiçik bir ət parçasının, tiroid vəzinin nəzarəti altındadır.

Bəs tiroid vəzi və tiroksin hormonu bu cür üstün ağıla necə sahib olub? Hüceyrənin içərisində olan və insanın hələ də araşdırdığı yüzlərlə fərqli sistemin hansı sürətlə çalışmalı olduğunu hardan bilir?

İnsan bu sistemlərin necə çalışdığını hələ də anlamağa çalışdığı halda tiroid hormonu bu sistemin bütün detallarını və hətta bu sistemin sürətini artırmaq üçün necə müdaxilə etməli olduğunu çox yaxşı bilir. Buna uyğun molekul istehsal edir və hüceyrələrin hər birinə tək-tək göndərir. Belə halda gərək biz tiroid vəzini əmələ gətirən və tiroksin hormonunu ifraz etməklə vəzifələnmiş hüceyrələrin insandan daha üstün ağıla sahib olduğunu qəbul edək.

Ancaq burada diqqət edilməli çox önəmli bir məsələ var. Vücuddakı bütün hüceyrələr kimi tiroid vəzini əmələ gətirən hüceyrələr də hər hansı bir ağıl və şüur sahibi deyil. Tiroid hormonu da cansız və şüursuz atomlardan ibarətdir. Amma bu hormonu sintez edən hüceyrələr nüvələrində yazılan və insan ağlının sərhədlərini aşan mükəmməl bir genetik proqrama əsasən hərəkət edirlər. Belə halda yaradılış möcüzəsinin böyüklüyü daha açıq bir şəkildə ortaya çıxır.

Sonsuz ağıl və elm sahibi olan Allah bədən hüceyrələrini, bu hüceyrələrin çalışma sistemlərini müəyyənləşdirən genetik proqramı ən mükəmməl şəkildə yaratmışdır. Bu genetik proqramı oxuyan və dəyərləndirən hüceyrədaxili sistemləri yaradan da Allah`dır. Tiroid vəzini əmələ gətirən hüceyrələrin genetik proqramlarını da, digər hüceyrələrin çalışma sistemlərini sürətləndirəcək olan hormonun molekulyar formulunu müəyyənləşdirən də Allah`dır. Bir ayədə belə bildirilir:

"Allah hər şeyə nəzarət edəndir." (Əhzab surəsi, 52)