İnsan bədənindəki nizam İnsanın bədəni, içində çox sayda sistemin bir-biri ilə əlaqəli işlədiyi bir fabrik kimidir. Bildiyimiz fabriklərdən tək fərqi isə sistemlərin bir çoxunun mikroskopik ölçülərdə olması, qulluq və ya yeni modelinə ehtiyac duyulmamasıdır. İnsan bədənində müəyyən bir məqsəd üçün, yəni bədənin canlılığının saxlanılması üçün bütün sistemlər birlikdə, əlaqəli şəkildə və tamam uyğunluqla çalışırlar. Dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansıları hansı sıra ilə, neçə dəfə, nə nisbətdə sıxıb boşaldacağımızı, ciyərlərimizə neçə kub santimetr hava alıb, bu havanı hansı sürətlə və fasilələrlə verməli olduğumuzu hesablaya bilmərik. İstəsək də, bunu edə bilmərik! Çünki ağzımızdan çıxan tək bir sözün yaranması insanın tənəffüs sistemindən sinir sisteminə, əzələlərindən sümüklərinə qədər uzanan bir çox sistemin mükəmməl uyğunlaşması və çalışmasının nəticəsidir. Gün ərzində çalışırıq. Hər gün müxtəlif hərəkətlər edirik. Bunların çoxuna əhəmiyyət vermirik. Məsələn, nəfəs almaq insan bədənindəki qüsursuz nizamın nəticəsidir. İnsan bədənindəki koordinasiya (əlaqələnmiş) şəbəkəsi hər an işləyən, ağlasığmaz qarışıqlıqda və böyüklükdə olan bir şəbəkədir. Bu “əməkdaşlığın” məqsədi insanın yaşamasını təmin etməkdir. Bunu nümunələrlə də görə bilərik. Məsələn, insan bədənindəki hərəkət sistemini nəzərdən keçirsək, etdiyimiz ən kiçik hərəkət üçün skelet sistemi, əzələlər və sinir sisteminin mükəmməl bir əməkdaşlıqla çalışdığını görərik. Bədəndəki bu əlaqəli birliyin olması üçün məlumatlar dəqiq yerdən və düzgün şəkildə əldə edilməlidir. Yalnızca düzgün məlumatlar aldıqda düzgün dəyərləndirmələr aparıla bilər. İnsan bədənində yüksək inkişaf etmiş məlumat şəbəkəsi mövcuddur. Kompüterdə hər hansı bir iş yerinə yetirdiyimizi düşünək. Bu əməliyyat əsnasında gözlərimiz beyinlə birgə çalışaraq kompüteri görür. Əllərimiz klaviaturanın üstündə hərəkət edir. Bu əməliyyatı edərkən gözlərimiz və beynimiz birgə fəaliyyət göstərir. Klaviaturadan istifadə edən əllərimizdəki əzələlər, bu əzələlərin əlaqədar olduğu sistem və nəticədə bu əzələləri idarəsi altında saxlayan beyin eyni anda fəaliyyətdə olurlar. Bu əməliyyatlar reallaşarkən beyin bir tərəfdən də müxtəlif işləri həyata keçirir. Kompüter nümunəsində də göründüyü kimi, əlaqələnmiş bir hərəkəti edə bilmək üçün hər şeydən əvvəl o hərəkətlə əlaqəli olan bədən orqanlarının hər birinin mövqelərinin və bir-birləri ilə əlaqələri haqqında məlumatlara sahib olmaq lazımdır. Bütün bu məlumatlar beyinə gözlərdən, daxili qulaqdakı tarazlıq mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gəlir. Hər saniyə milyardlarla informasiya emal olunur, qiymətləndirilir və bunların əsasında yeni qərarlar verilir. İnsanın isə öz bədənindəki bu heyrətamiz sürətlə reallaşan proseslərdən xəbəri belə olmur. O yalnız hərəkət edir, gülür, danışır, qaçır, yemək yeyir, düşünür. Bu əməliyyatların edilməsi üçün heç bir şey etmir. Gündəlik həyatımızdan olan nümunələr üzərində yenə düşünək. Gülümsəmək üçün on yeddi əzələ eyni anda işləməlidir. Bu əzələlərdən birinin işləməməsi və ya səhv işləməsi üz ifadəsini tamamilə dəyişdirər. Yeriyə bilmək üçün üçün isə ayaqlarda, ombada, qasıqda və kürəkdə 54 müxtəlif əzələ uyğunluq içində fəaliyyət göstərməlidir. Bu koordinasiyanın necə təmin edildiyinə nəzər salsaq, çox qüsursuz bir dizaynla qarşılaşmış olarıq. Belə ki, əzələlərin və oynaqların daxilində bədənin o ankı mövqeyinə aid məlumatları verən milyardlarla kiçik, mikroskopik qəbuledicilər (reseptor) var. Bu qəbuledicilərdən gələn mesajlar mərkəzi sinir sisteminə çatır və burada aparılan dəyərləndirmələrə görə əzələlərə yeni əmrlər göndərilir. Bədəndəki koordinasiyanın (əlaqələmiş şəbəkə) mükəmməlliyini digər nümunələrlə izah edək: Yalnızca əlinizi havaya qaldırmaq üçün çiyninizin bükülməli, "biceps" və "triceps" deyilən ön və arxa qol əzələləriniz sıra ilə yığılıb açılmalı, dirsəyiniz və biləyiniz arasında olan əzələlər biləyi döndürməlidir. Hərəkətin hər mərhələsində bu əzələlərin içindəki milyardlarla qəbuledici hər an əzələlərin mövqelərini mərkəzə bildirir. Mərkəzdən də əzələlərə bir an sonra nə etmələri lazım olduğu göndərilir. Təbii ki, insanın bütün bunlardan xəbəri olmur, yalnız əlini qaldırmaq istəyir və qaldırır. Danışmaq üçün də xüsusi səy göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin hansı aralıqda, nə qədər titrəməli olduğunu hesablamırıq. Hesablama aparmadan rahatlıqla danışırıq. Bu əlaqəli sistemdə bir çatışmazlıq olduğu təqdirdə nələr baş verə bilər, düşünək. Gülümsəmək istəyəndə üzümüzdə başqa bir ifadə meydana gələ bilər və ya danışmaq, yerimək istəyəndə bunları bacarmaya bilərik. Halbuki bunların heç biri olmur. Hər gün, hər saat, qısası, nə zaman istəsək, gülür, danışır, yeriyirik, bunları edərkən də heç bir axsaqlıqla qarşılaşmırıq. Açıq-aşkar görünür ki, bu izah edilənlərin hamısı “sonsuz qüdrət” tələb edən bir yaradılışın nəticəsidir. Bu görə də insan hər zaman bütün həyatını və varlığını Allah`a borclu olduğunu bilməlidir. İnsanın, öyünəcək, təkəbbürlənəcək heç bir şeyi yoxdur. Sahib olduğu güc, sağlamlıq və ya gözəllik öz əsəri deyildir və ona əbədi də verilməmişdir. Kimliyindən asılı olmayaraq hər insan bir gün mütləq yaşlanacaq, mütləq sağlamlığını və gözəlliyini itirəcək. Quranda bu həqiqətə belə diqqət çəkilmişdir: “Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz?” (Qəsəs surəsi, 60) Verilən nümunələrdən də göründüyü kimi, insan bədənindəki orqanların və sistemlərin hamısı “möcüzəvi” xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər araşdırıldıqda insan nə cür incə hesablamalar əsasında yaşadığını və yaradılışındakı möcüzələri görəcək və Allah`ın sonsuz elmini və bütün canlılar üzərindəki qüsursuz sənətini bir daha qavramış olacaq. |